Üç il əvvəl Nardaran qəsəbəsində keçirilən əməliyyatı zamanı polisə müqavimət göstərdiyi üçün zərərsizləşdirilən islamçı ekstremistlərlə bağlı ötən həftə Güney Azərbaycanın 6 şəhərində mərasim keçirib.
Teleqraf.com xəbər verir ki, İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) tərəfindən düzənlənən mərasimlər noyabrın 29 və 30-da Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Həmədan və Bicar şəhərlərində baş tutub.
Mərasim zamanı Azərbaycan Respublikasının əleyhinə, hətta onun milli təhlükəsizliyinə qarşı şüarlar səsləndirilib.
Çıxışçılar Azərbaycanda müsəlmanlara təzyiq edildiyi və bu ölkənin İsrail tərəfindən idarə olunduğunu iddia edərək, sadəlövh insanları aldatmağa çalışıblar. Azərbaycana qarşı qondarma ittihamlar səsləndirilən mərasimdə İranda dini təhsil alan bir neçə Azərbaycan vətəndaşı da iştirak edib.
Mərasimlərdə əməliyyat zamanı öldürülən islamçı ekstremistlər “şəhid” və “islam dünyasının müqavimət simvolu” adlandırılıb.
Ötən illərdən fərqli olaraq bu il Məşhəd və Qum şəhərlərində mərasim keçirilməyib, mərasimlərin yalnız Güney Azərbaycan şəhərlərində keçirilməsi xüsusi diqqət çəkir.
Xatırladaq ki, 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirərkən polisə müqavimət göstərən dəstənin üzvlərindən 4-ü zərərsizləşdirilib, 2 polis əməkdaşı ekstremistlərin açdığı atəş nəticəsində şəhid olub. Hadisə ilə bağlı bir neçə nəfər həbs edilib.