Özbəkistanın məşhur "Bojalar" musiqi qrupunun ifasında "Prezidentimlə selfi" klipinin ZOR TV kanalında nümayişi böyük səs-küyə səbəb olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, klip dövlət başçısına qarşı "rüsvayçı yaltaq marş" kimi dəyərləndirilib.
Musiqi sahəsində senzura funksiyasını yerinə yetirən "Özbəkkonsert"in Bədii Şurası klipin nümayişinə razılıq vermədiyini bildirib.
Qeyd edək ki, klipdə prezident Şövkət Mirziyayevin portreti fonunda tamaşaçılar dövlət başçısı ilə selfi çəkdirməyə dəvət olunurlar.
"Bojalar" qrupunun rəhbəri Cahangir Pozilcanov 4 uşaqla portretin qarşısında peyda olub deyir: "Bu gün mən və uşaqlarım öz prezidentimizlə selfi çəkdirmək istəyirik. Mənim təklifimə qoşulmaq istəyən varsa, eyni qaydada selfi çəkdirib onu İnstaqram səhifəsindəki "Prezidentimlə selfi" heşteqinə yerləşdirsin".
Daha sonra Şövkət Mirziyayevin müxtəlif dövlət rəhbərləri, siyasi xadimlər, vətəndaşlarla görüşünü əks etdirən kadrlar ekrana gəlir.
Prezident Administrasiyası dövlət başçısının obrazından musiqi parçasında istifadə üçün rəsmi icazə alınmadığını bəyan edib. "Özbəkkonsert" də klipin efirə verilməsi üçün analoji qərarın olmadığını bildirib.
Özbəkistanda 2017-ci ilin iyul ayından efirə verilən mahnı və videokliplərə "Özbəkkonsert" nəzarət edir.