Almaniyadakı məscidlərdən birinin imamı olan Seyran Atəş Türkiyəni ittiham edib. Xanım imam bəzi xarici fondların Avropadakı məscidləri radikal İslam yuvasına çevirdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, o, həmin fondların Türkiyəyə bağlı olduğunu söyləyib.
Türkiyə doğumlu Seyran Ateş hesab edir ki, həmin fondlar radikal İslamın yayılması üçün böyük səy göstərir:
“Avropada mülayim İslamın yayılmasını istəyirəm. Buna görə də, Avropadakı məscidlər Türkiyədən alınmalıdır. Qoyunu qurda əmanət etmək olmaz. Biz isə xarici ölkələrin məscidlərimizi idarə etməsinə icazə veririk. Bu şərtlər altında Avropada mülayim İslam yayıla bilərmi?”
Təxminən 6 milyon türkün yaşadığı Almaniyada 900 məscidin bütün tələbatını Türkiyənin ödədiyi bildirilən xəbərdə Seyran Atəş bu ifadələrə yer verib: “İmamlar buraya Türkiyədən göndərilir. Hamısı Türkiyə dövlətinə işləyir”.
Bir fondun dəstəyi ilə işlədiyi sığınacaqda qadınlarla kişiləri bir yerdə namaz qıldıran imam bunları deyib: “Demokratiya, cinsi bərarbərliyə və cinsi azlıqlara (LGBT) qarşı olan bir İslamı yaymağa çalışırlar. Ərəb, əfqan və pakistanlı məscidləri var. Hamısında da öz dillərində danışırlar. Niyə alman dilində bir məscidimiz olmasın?”