Əlcəzair prezidenti Əbdüləziz Buteflikanın beşinci dəfə prezidentliyə namizədliyini elan etməsi ölkəni qarışdırıb. Xalq küçələrə çıxaraq bu addıma etiraz edib.
Teleqraf.com xəbər verir ki, ölkədə növbəti prezident seçkiləri bu ilin aprelində keçiriləcək.
Bu addım ölkə əhalisi tərəfindən xoş qarşılanmayıb. Əlcəzairin müxtəlif şəhərlərində etiraz aksiyaları, mitinqlər keçirilib. Çoxu gənclərdən ibarət olan etirazçılar “Ədalət”, “Sülh təşəbbüsü”, “İslahat və dəyişiklik”, “Prezidentin namizədlikdən imtinasını istəyirik” kimi şüarlar səsləndirib.
Paytaxtdan başqa Annaba, Setif, Kalime, Cicel, Buira, Vahran və digər şəhərlərdə də aksiyalar olub.
Qeyd olunur ki, Əbdüləziz Buteflika 1999-cu ildən ölkəyə rəhbərlik edir. Hazırda prezidentin 81 yaşı var və səhhətində ciddi problemlər müşahidə olunur.