İran İnqilab Məhkəməsi yanvar ayında saxlanılmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani barəsində ittihamları elan edib.
Teleqraf.com xəbər verir ki, məhkəmə fəala qarşı 4 ittiham irəli sürüb.
O, “Güney Azərbaycan əhalisini silahlanmağa təhrik etmək”, “Milli təhlükəsizliyə qarşı təhdid yaratmaq”, “Qanunsuz qrup yaratmaq” və “Sistemin əleyhinə təbliğat aparmaq” kimi qondarma ittihamlarla üzləşib.
Abbas Lisani bu barədə ailəsinə də məlumat verib.
Azərbaycanlı fəal bildirib ki, qanunsuz saxlanmasına etiraz olaraq dindirilmə zamanı suallara cavab verməkdən imtina edib.
Abbas Lisaninin sözlərinə görə, təhlükəsizlik və məhkəmə orqanları onun qanunsuz saxlanılmasını ört-basdır etmək üçün saxta dosye təşkil edirlər.
Qeyd edək ki, Abbas Lisani yanvarın 15-də İnqilab Məhkəməsində qiyabi məhkəmə hökmünə verdiyi etiraza baxıldığı vaxt İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən oğurlanaraq ETTELAAT-ın Ərdəbil idarəsinin təcridxanasına aparılıb. Uzun müddət onun harada olması və səhhəti ilə bağlı məlumatlar ailəsindən gizlədilib.