Tehran şəhər sakini Qəzalə Baqiri Tari bəhai dininə mənsub olduğuna görə 5 il müddətinə həbsə məhkum edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə iranlı hüquq müdafiəçiləri məlumat yayıb.
Bildirilir ki, Qəzalə Baqiri Tari 2018-ci ilin oktyabr ayında bəhai dininin peyğəmbəri sayılan Bəhaullahın anadan olmasının 200-cü ildönümü münasibətilə şəxsi mənzilində keçirdiyi bir mərasimdə həbs olunsa da, 23 gün “Evin” zindanında saxlanıldıqdan sonra 200 min tümənlik mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.
Həmin vaxt mənzilə hücum edən ETTELLAT əməkdaşları xanım Qəzalənin evində yoxlama aparmış, bəhai dininə aid bütün kitabları və onun şəxsi kompüterini götürmüş, mərasimə qatılan digər bəhailərin hər birindən bir daha bu kimi mərasimlərə qatılmayacaqları barədə yazılı ifadə almışdılar.
Yayılan məlumata əsasən, Tehran İnqilab məhkəməsi Tarini bəhai dininə mənsub olmaqda, bu dinin təbliği ilə bağlı şəxsi mənzilində qanunsuz mərasimlər keçirməkdə və digər fəaliyyətlərdə günahlandıraraq 5 il müddətinə həbs edib.
Qeyd edilir ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının konstitusiyası bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz buna görə də son 40 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
İranda radikal ruhanilərin təhriki ilə “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını dağıdırlar.
1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi ölkədə yüzlərlə bəhai edam edilib.