Əfqanıstanın Helmend əyalətinin qubernatoru və bir neçə yerli məmur Laşkarqax şəhərində stadionda törədilən iki partlayışda xəsarət alıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Ariana News” telekanalı məlumat yayıb.
Partlayışlar Milli Fermerlər Günü şənlikləri zamanı törədilib.
Məlumata görə qubernatorla yanaşı yaralanan digər şəxslər informasiya və mədəniyyət departamentinin rəhbəri, əyalət şurasının sədri və onun müavini, həmçinin bir hərbi müşavirdir.
Partlayış nəticəsində azı bir polis ölüb. Bəzi mənbələrə görə isə 7-dək insan həlak olub, 10-dan çoxu yaralanıb. “Tolo News” agentliyi azı 16 nəfərin yaralandığını açıqlayıb.
Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.