6 Aprel 2019 19:08
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında aparılan məxfi görüşlərdə bildirilib ki, Vaşinqtonda OPEC ölkələri əleyhinə NOPEC qanun layihəsinin qəbul olunacağı təqdirdə Ər-Riyad xam nefti dollarla deyil, başqa valyutalarla sata bilər.

Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının enerji siyasəti ilə bağlı məlumatlı mənbələr bildiriblər.

Qeyd edilir ki, sözügedən məsələ ötən ay Ər-Riyadda məhdud çərçivədə keçirilən iclasda müzakirə olunub. Mənbələr onu da bildiriblər ki, Səudiyyə Ərəbistanının bu planı OPEC-in digər üzv ölkələrinə də çatdırılıb.

Ekspertlər ABŞ-da NOPEC adı ilə bilinən qanun layihəsinin qəbul ediləcəyi təqdirdə Ər-Riyadın atacağı adekvat addımın dolların əsas ehtiyat valyutası kimi zəifləməsinə səbəb olacağını qeyd edirlər. Onların fikrincə, səudiyyəlilərin əllərində olan külli miqdarda dollar ehtiyatı ABŞ üçün nüvə silahı qədər təhlükəlidir.

Belə olan halda OPEC üzvü olmayan ölkələr – Rusiya, ən böyük neft istehlakçısı Çin və Avropa ölkələri vəziyyətdən faydalana bilərlər.

Səudiyyə Ərəbistanının Enerji Nazirliyi xarici mətbuatın bu xəbərlərinə münasibət bildirməkdən imtina edib. Eyni zamanda, ABŞ Dövlət Departamentində də sözügedən qanun layihəsini şərh etməyiblər.

Donald Tramp OPEC ölkələrini neftin qiymətinin süni şəkildə artırılması ilə bağlı məhkəməyə vermək üçün nəzərdə tutulan NOPEC qanununu prezidentliyə namizədliyi dövründə dəstəkləsə də, dövlət başçısı seçildikdən sonra bir daha həmin məsələyə qayıtmayıb. O, həmçinin jurnalist Camal Kaşıkçının qətli ilə bağlı Ər-Riyada sanksiyalar tətbiq edilməsi haqqında Konqresdə səslənən təklifləri də rədd etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər