Andrey Vtyurin Belarus Prezidenti Aleksandr Lukaşenkonun ən köhnə və sadiq tərəfdarlarındandır. 1995-ci ildən o, Belarus prezidentinin mühafizəçisi kimi çalışıb. Şübhəsiz, son 25 ildə Andrey Vtyurinin Lukaşenkonun yaxın dairəsinə, ailəsinə daxil olması da az əhəmiyyət daşımır. Prezidentin kiçik oğlu Kolya atasının mühafizəçisinin qucağında böyüyüb.
Teleqraf.com xəbər verir ki, bunu “Rosbalt”a Belarus xüsusi xidmət orqanlarındakı mənbə bildirib.
Mənbə Andrey Vtyurinin həbsinin rəsmi səbəbinə şübhə ilə yanaşıb: “Onun bu həcmdə rüşvət alması sözügedən dairələr üçün gülünc görünür. Belə haqq-hesablar o dairələrdə normadır. Odur ki, həbsin əsl səbəbi başqadır.
Hesab edirəm ki, məsələ Vtyurinin Rusiya xüsusi xidmət orqanları ilə çox yaxın əlaqələrinin olmasındadır”.
Qeyd edək ki, A.Lukaşenkonun mühafizə xidmətinin rəisi və Dövlət Təhlükəsizlik Şurası sədrinin müavini olmuş A.Vtyurinin həbsinin dəqiq tarixi məlum deyil.
Ancaq onun hərbi vəzifədən məhrum edilməsinə dair fərman A.Lukaşenko tərəfindən aprelin 24-də imzalanıb.
Belarus Dövlət Təhlükəsizlik Komitəsinin və Baş Prokurorluğunun həbsin səbəbləri barədə açıqlama verməməsi bu barədə çoxsaylı versiyaların irəli sürülməsinə səbəb olub.