Rusiyanın xarici işlər naziri Sergey Lavrov ona Venesuela ətrafında yaranmış vəziyyətlə bağlı sual verən CNN-in jurnalistinin ağzından vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Rossiyskaya Qazeta” yazıb.
Jurnalistin “Əgər ABŞ Venesuelaya müdaxilə etmək qərarı versə, Rusiyanın bu müdaxiləni dayandırmaq üçün hansısa imkanları varmı” sualına S.Lavrov cavab olaraq deyib:
“Çoxları sizin şirkətinizi “feyk nyus” adlandırır, ancaq indi siz “feyk sual” verirsiniz”.
Bundan əlavə Lavrov ABŞ Perzidenti Donald Trampın telekanalın qeyri-səhih məlumat yayması bağlı çoxsaylı tvitini xatırladıb.
Rusiyalı nazir xatırladıb ki, Moskva dünyanın heç bir yerində beynəlxalq qaydalara zidd hərbi əməliyyatların keçirilməsini qəbul etmir. O qeyd edib ki, gücdən istifadə yalnız BMT Təhlükəsizlik Şurasının sanksiyası ilə, yaxud təcavüzə cavab vermək tələb olunduqda mümkündür. Venesuela nümunəsində isə bu müşahidə olunmur.
Qeyd edək ki, bundan öncə Venesuela hökuməti internetdə CNN-in ingilis və ispan dillərində siqnalını dayandırmağa qərar verib. Bu Cənubi Amerika ölkəsinin Milli Telekommunikasiya Komissiyasının nümayəndələri qeyd ediblər ki, CNN telekanalının verilişlərinin məzmunu “Venesuela xalqının sülh və demokratik sabitliyinə birbaşa hücum” təşkil edir.