12 May 2019 18:15
1 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan rəsmiləri bildirirlər ki, sabiq tanınmış televiziya jurnalisti ölkənin paytaxtı Kabildə öldürülüb.

Teleqraf.com-un məlumatına görə, Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Raimi deyir ki, Mena Manqal 11 may tarixində səhər saat 7:20-də Kabilin səkkizinci dairəsində odlu silahla qətlə yetirilib. Sözçü əlavə edib ki, qatillər hadisə yerindən qaçmağa müvəffəq olublar.

Kabilin yerli bazarlarının birində qətl anının şahidi olan dükan sahibləri Azadlıq Radiosuna bildiriblər ki, Manqal avtomobil gözləyərkən, iki kişi motosikleti ona tərəf sürüblər.

Şahidlərin sözlərinə görə. motosiklətdə olan silahlı bazardakı insanları dağıtmaq məqsədilə öncə dörd dəfə havaya, daha sonra isə Manqalın sinəsinə iki dəfə atəş açıb.

Manqalın qohumları Azadlıq Radiosuna təsdiq ediblər ki, qətl baş verən an sabiq jurnalist onu işə aparacaq avtomobili gözləyirdi. Manqal Əfqanıstan parlamentinin aşağı palatasında mədəniyyət müşaviri vəzifəsində çalışırdı.

Manqal 10 ildən çox Ariana TV və Shamshad TV adlı özəl televiziya kanallarında aparıcı olub. Bununla bərabər, o, əfqanıstanlı qadınların çalışmaq hüququ və qızların məktəbə getməsini müzakirə edən populyar sosial media səhifələrini idarə edirdi.

Manqal 2017-ci ildə öz istəyinə qarşı məcburi evləndiriləndən və daha sonra boşandıqdan sonra bu mövzuda çoxlu yazılar dərc edib. Jurnalist bu yaxınlarda naməlum insanlardan ölüm hədələri aldığını bildirmişdi.

Daxili İşlər Nazirliyinin sözçüsü qətlin təhqiqatını xüsusi polis bölməsinin nəzarətə götürdüyünü bildirib. Hələlik heç kim bu qətlə görə məsuliyyəti üzərinə almayıb.

Əfqanıstanın Taliban liderləri bu yaxınlarda ABŞ-la keçirilən sülh danışıqlarında qadınların təhsil alması və çalışması qadağasında inad etmədiklərini bildiriblər. Lakin Əfqanıstanın qadın hüququları müdafiəçiləri sülh sazişinin imzalanmasından sonra Talibanın repressiyalara qayıdacağı ilə bağlı narahatlıqlarını ifadə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər