“ABŞ Prezidenti Barak Obama mənimlə 19 dəfə görüşmək istəyib. Ancaq hökumətimizin qarşı tərəfə cavab vermək səlahiyyəti olmayıb.
Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani ilə görüşdə iştirak edən islahatçı imicli siyasətçi Həmid Rıza Cəlalpur prezidentə istinadla yazdığı məqalədə bildirib.
Həmid Rıza Cəlalpur məqaləsində prezidentin mətbuatda işıqlandırılmayan fikirlərinə geniş yer verib.
Müəllif yazısında qeyd edib ki, siyasətçilərlə toplantıda prezident Ruhani neft satışından danışarkən deyib: “Büdcəmiz gündəlik 1,5 milyon barel neft satışını məqsədəuyğun gördü, ancaq hazırda neft satışı ilə bağlı ciddi problemlə üz-üzəyik. Neft-kimya və mədən məhsullarının satışında da problemlər var. Qida məhsulları sahəsində də çətinliklər də yaşanır. Ölkədə maaşlar bir ayda ən azı 310 milyon tümən, yəni 80 milyon dollar tutur. Hər birimiz reallıqlara diqqət yetirməli, təkcə şüarlar səsləndirməməliyik”.
Cəlalpurun iddiasına görə, Ruhani hökumətin yetərli səlahiyyətə malik olmadığını deyib: “Problemlərdən çıxış yolunun nədən ibarət olduğuna baxmalı və bu mövzuda hökumətə nə qədər səlahiyyət ayrıldığına diqqət yetirməliyik.
Hökumət xarici siyasətdə nə qədər səlahiyyətə malikdir? Sabiq ABŞ Prezidenti Barak Obama mənimlə 19 dəfə görüşmək tələbi irəli sürdü, ancaq hökumətin cavab vermək səlahiyyəti olmadı”.
Həsən Ruhani İran dövlət televiziyasının hökumətə bağlı olmadığını, amma məsrəflərinin hökumət tərəfindən qarşılandığını da vurğulayıb: “Məsələn, hökumət Məşhəddə maliyyə və kredit təşkilatlarına 7,5 milyard dollar ödəmək məcburiyyətində qaldı, halbuki bu, hökumətin yox, bir hakimin günahı idi. İşə baxın, bir hakim ölkənin bir bucağından sosial şəbəkənin qapadılmasına qərar verə bilir”.
Cəlalpurun yazdığına görə, Həsən Ruhani daha sonra deyib:
“Xalqı nəzərə almadan problemləri həll edə bilmərik. Qarşıdan parlament seçkiləri gəlir. Aktivistlərə və siyasətçilərə maneə olmasa, seçkilərə yersiz müdaxilələr qeydə alınmasa, topluma bunun müsbət təsiri ola bilər”.