Rusiya Federasiya Şurasının bu gün keçirilən iclasında istintaq təcridxanasında saxlanılan Rauf Araşukovun senator statusundan məhrum edilməsinə dair qərar qəbul edilib.
Teleqraf.com xəbər verir ki, bu qərar senatorun 2018-ci il üzrə gəlir bəyannaməsini təqdim etməməsi ilə əlaqələndirilib.
Qeyd edək ki, bundan öncə Federasiya Şurasının senatorların gəlirlərinə nəzarət komissiyası parlamentin yuxarı palatasına Araşukovu mandatdan məhrum etmək məsələsinə baxmağı tövsiyə etmişdi. Qanuna görə, senator martın sonuna, ən uzağı aprelin 1-dək gəlir bəyannaməsi təqdim etməli idi. Araşukov Federasiya Şurasına bəyannaməni aprelin 15-də göndərib. Həmçinin o, həyat yoldaşı və yetkinlik yaşına çatmayan qızının gəlirləri barədə məlumat təqdim etməyib.
R.Araşukov yanvarın 30-da Federasiya Şurasının iclası zamanı birbaşa zalda həbs edilib. O, hazırda istintaq təcridxanasında saxlanılır və xüsusilə ağır cinayətlərdə - mütəşəkkil cinayətkarlıqda, iki nəfərin qətlində və şahidə təzyiq göstərməkdə ittiham olunur.
Federasiya Şurasında Qaraçay-Çərkəz Respublikasını təmsil edən Rauf Araşukovun həbsindən sonra onun və atasının Şimali Qafqaz Federal Dairəsində yerləşən 4 mülkündə axtarış aparılıb. Axtarış zamanı təkcə mülklərin birindən 50 kiloqramdan artıq zərgərlik məmulatı aşkarlanıb. Həmçinin çoxlu qızıl külçələr, dollar, avro və rublda olan külli miqdarda nağd pul, o cümlədən müxtəlif silahlar protokollaşdırılaraq müsadirə edilib.