“Ovsunçu” (“The Conjuring”) filminin ilham qaynağı olan Perron ailəsinin evini satın aldıqdan sonra ilginc olaylar yaşamağa başladığı iddia edilən cütlüyün bu hekayəsi hər kəsi təəccübləndirir.
Teleqraf.com xəbər verir ki, Kori Haynzen və Cenifer adlı cütlük yeni evlərində paranormal olayların baş verdiyini iddia edib.
Ər-arvadın Rod-Aylənd ştatında yerləşən evində cərəyan edən qəribə olaylar “Ovsunçu” adlı filmdə iştirak edən Perron ailəsinin başına gələnləri xatırladır. Eyni zamanda, paranormal hadisələr üzrə mütəxəssislər Ed və Loran Varren də vaxtilə bu evdə yaşayıb. Ailənin ən böyük qızı Andre Perron “USA Today”a müsahibəsində bu evdə şeytani ruhların yaşadığını iddia etmişdi.
Mütəxəssis Loran bu qorxunc ev haqda belə deyib: “Orada olanlar inanılmaz dərəcədə ürküdücüdür. Bu günün özündə də bu haqda danışmaq mənə pis təsir edir”.
Ev bir neçə ay əvvəl satışa çıxarılanda paranormal müfəttişi Kori dərhal bunu almaq istəyib. Kori “Sun” qəzetinə müsahibəsinə bu haqda belə deyib:
“Mən bu evə heyran oldum. Arxasında bir çay və balaca bir göl var. Olduqca rahatdır, bu ev haqda deyilənlər vecimə deyil. Cenifer isə düşündüyümdən də həyəcanlı idi”.
Lakin iyunun 21-də evin satın alınmasından sonra paranormal olaylar baş verməyə başlayıb:
“Qapılar öz-özünə açılır, ayaq və zəng səsləri eşidirik. Təkbaşına qalanda çox qorxdum, amma hansısa şeytani hiss keçirmədim. Bu evdə qəribə olayların baş verdiyini deyə bilərəm”.
Kori və Cenifer bu ilin sonunadək evi yenidən təmir edərək turistlərin üzünə açmağı planlaşdırır.