“İran, Rusiya və Türkiyənin üçtərəfli əməkdaşlığı Vaşinqtonun son illərdə Yaxın Şərq bölgəsində qurmağa çalışdığı Amerika nizamını əvəz edə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu iranlı politoloq Diako Hüseyni deyib.
Ekspertin fikrincə, bu formatda iştirakçıların sayının artması ilə üçtərəfli əməkdaşlıq ideyası 2003-cü ildə İraq müharibəsi və “Ərəb baharı”nın başlamasından sonra bölgədəki yerini gücləndirən ABŞ-ı Yaxın Şərqdən sıxışdırıb çıxara bilər.
Hüseyninin sözlərinə görə, üç ölkənin əməkdaşlığı Suriyada terrorizmlə mübarizənin davam etdirilməsi, habelə bu ölkənin iqtisadi və siyasi həyatının yenidən qurulmasını özündə ehtiva edir:
“İran, Rusiya və Türkiyə prezidentlərinin zirvə görüşü Astana prosesinin davamıdır, Suriyanın gələcəyini, bu dövlətdə təhlükəsizlik və sabitliyin bərpa olunmasını özündə ehtiva edən yeganə çoxtərəfli və nizamlı görüşdür. Sammit, eyni zamanda, ABŞ diplomatiyasının Suriya məsələsində təcrid edilməsi prosesində də mühüm rol oynayır”.
O qeyd edib ki, əməkdaşlığı dərinləşdirmək və bəlkə də regional ittifaq yaratmaq üçün üç ölkənin bu istiqamətdə uğurlu təcrübəsini inkişaf etdirmək lazımdır.
Bu gün Ankarada Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasında danışıqlar baş tutacaq. Görüşdə tərəflər Suriya məsələsini müzakirə edəcək.