30 Sentyabr 2019 14:30
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp ona qarşı impiçment prosesini başladan Demokrat Partiyasına qarşı həmlə edib.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamenti Demokrat Partiyasının prezidentliyə sabiq namizədi Hillari Klintonun yardımçılarının elektron ünvanlarını araşdırmağa başlayıb.

“Vaşinqton Post” qəzeti bildirir ki, bu araşdırma Trampın demokratlara qarşı əks həmləsidir.

Donald Trampın prezident seçkilərində rəqibi olmuş Klinton dövlət katibi olduğu müddət şəxsi elektron ünvandan istifadə etməsi və minlərlə sənədi silməsi səbəbindən Konqresdə dindirilmişdi.

Məlumata görə, hazırda Klintonun şəxsi ünvanına sənəd göndərən 130 diplomatın elektron ünvanı nəzarətə götürülüb.

Tramp özü impiçment proseduruna başlayan Demokrat Partiyası haqqında bu sözləri deyib: “Silahlarınızı, səhiyyə xidmətinizi, səsinizi, azadlığınızı, prokurorları və hər şeyi almaq istəyirlər. Bunun olmasına imkan vermərik, çünki ölkəmiz indiyə qədər heç vaxt olmadığı qədər təhlükədədir. Məni dayandırmağa çalışırlar, çünki sizin üçün mübarizə aparıram”.

Xatırladaq ki, Demokrat Partiyasının nəzarət etdiyi Konqresin Nümayəndələr Məclisi Prezident Trampın ukraynalı həmkarı Zelenski ilə telefon danışığının ölkə konstitusiyasını pozduğunu elan edərək ona qarşı impicment prosesinə başladıqlarını elan ediblər.


Müəllif: Cavad

Oxşar xəbərlər