Türkiyənin Qars vilayətinin Kağızman rayonunda çobanlar arasında baş verən dava kameralara düşüb.
Teleqraf.com xəbər verir ki, rayon mərkəzində qarşılaşan iki qrup ortalığı döyüş meydanına çevirib. Zopalarla bir-birlərini vuranları ətrafdakılar ayırmaqda çətinlik çəkiblər. Dava zamanı ümumilikdə 15 nəfər yaralanıb.
Məlumatda qeyd edilir ki, Kağızman rayonunun Böcüklü və Şaban kəndlərinin çobanları arasında hələlik məlum olmayan səbəb və ya səbəblər üzündən baş verən davada yaralanan 4 nəfər Kağızman dövlət xəstəxanasına aparılıb. Yaralılarla birlikdə gələn hər iki kəndin sakinləri xəstəxananın önündə qarşı-qarşıya gəlib. Tərəflər bir-birlərinə daş və zopalarla zərbə endirib.
Ortalığı döyüş meydanına çevirən davaya polis və jandarma qrupları müdaxilə edib. Təhlükəsizlik qurumlarının gözyaşardıcı qazdan istifadə etdiyi davada 11 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılaraq müalicə olunublar. Dava anı isə vətəndaşlar tərəfindən cib telefonu ilə anbaan qeydə alınıb.