6 Dekabr 2019 18:45

"Albaniyanın ATƏT-ə sədrliyi dövründə gündəmin ən başlıca məsələsi münaqişələrin həlli olacaq".

Teleqraf.com xəbər verir ki, bunu Albaniyanın baş naziri və xarici işlər naziri Edi Rama ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında deyib.

O, ölkəsinin təşkilata sədrliyinin əsas aspektlərini də vurğulayıb: "Birincisi, əsas dəyərlərə diqqət yetirmək niyyətindəyik. Dürüst əməkdaşlıq. Siyasi məsuliyyətlərimiz ən böyük regional təhlükəsizlik təşkilatı kimi ATƏT-ə etibar baxımından çox vacibdir. Avropa üçün Helsinki sülh düsturu sadə və effektivdir - suverenliyə və ərazi bütövlüyünə, insan hüquqlarına və əsas azadlıqlarına hörmət. Avropada sülh və təhlükəsizliyi təmin etmək istəyiriksə, öhdəliklərimizi yerinə yetirmək üçün məsuliyyəti tam üzərimizə götürməliyik".

Nazirin sözlərinə görə, digər aspekt münaqişələrin kəskinləşməsinin qarşısının alınmasını, monitorinq missiyalarını və islahatlara dəstək olmağı bir-birindən ayırmaqdır: "Vətəndaşlarımızın təhlükəsizliyini və rifahını yaxşılaşdırmalıyıq".

E.Rama üçüncü aspekt kimi dialoqun gücləndirilməsini qeyd edib: "Çünki bu, aramızdakı etimadı bərpa etməyin yeganə yoludur. Bunun üçün vacib məsələ etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin təşviqi və strukturlaşdırılmış dialoqdan tam istifadə edilməsidir".

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik Slovakiyadan Albaniyaya keçəcək.


Müəllif: Teleqraf.com