10 Dekabr 2019 01:55
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün toplanan “Normandiya formatı” sammitində dörd ölkənin - Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərlərinin Yelisey sarayındakı görüşü başa çatıb.

Teleqraf.com xəbər verir ki, danışıqlar iki saatdan çox davam edib. “Normand dördlüyü” liderlərinin görüşündən sonra Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenskinin mübahisəli təbii qaz məsələsi ilə bağlı ikitərəfli görüşlər keçirib.

Görüşdən sonra həmçinin “Normand dördlüyü” ölkələrinin rəhbərlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Liderlər Yelisey Sarayındakı danışıqların yekunu olaraq Kommünike qəbul ediblər. Sənəddə Minsk razılaşmaları, münaqişə zonasında atəşkəsin əldə edilməsi, tərəflər arasında dialoqun bərpası, saxlanılan şəxslərin “hamının-hamıya” prinsipi əsasında mübadiləsi vurğulanıb, “Ştaynmayer formulu” əsasında Ukrayna Konstitusiyasına dəyişikliklərin dəstəkləndiyi göstərilib.

Danışıqların yekununda liderlər XİN başçılarına və siyasi müşavirlərinə əldə olunmuş razılıqların həyata keçirilməsinin təmin olunmasını tapşırıblar.

Liderlər qarşıdakı dörd ay ərzində bu formatda daha bir görüşüşn keçirilməsi barədə razılıq əldə ediblər. Görüşü məhsuldar adlandıran Rusiya Prezidenti Vladimir Putin danışıqlarda iştirak edən liderlərə təşəkkür edib. O, qeyd edib ki, Minsk razılaşmalarının yerinə yetirilməsinin alternativi yoxdur.

“Rusiya Ukraynadakı mövcud münaqişənin nizamlanması üçün əlindən gələni edəcək. Vəziyyətin tənzimlənməsində “istiləşmə” baş verib, əldə olunan razılaşmalar prosesin düzgün istiqamətdə getdiyini düşünməyə əsas verir.Sənəddə münaqişə tərəfləri arasında birbaşa dialoqun qurulmasının vacibliyi vurğulanıb və Moskva münaqişənin həlli üçün hər şeyi edəcək”.

Ukrayna Prezidenti Vladimir Zelenski rəsmi Kiyevin Parisdə əldə olunan razılaşmaları yerinə yetirməyə hazır olduğunu bəyan edib: “ Lakin bu iki tərəfli yoldur. Sammitdən sonra həll olunmayan çox sayda məsələlər var. Gələcəkdə bunu mütləq etməliyik. Əminəm ki, bunları birlikdə həll edəcəyik”.

Zelenski həmçinin Ukraynanın federallaşmasına heç vaxt razı olmayacağını da vurğulayıb. “Ukrayna unitar dövlətdir. Bu, konstitusiyanın dəyişməz maddəsidir və dövlətin mövcudluğunun toxunulmaz prinsipidir. Bundan əlavə, Donbasda yerli seçkilər yalnız Ukrayna qanunlarına və ATƏT standartlarına uyğun olaraq mümkündür”.

Fransa Prezidenti Emmanuel Makron isə Avropa qitəsinin sabitliyinin Ukraynanın şərqindəki vəziyyətin tənzimlənməsindən asılı olduğunu söyləyib. O, bir sıra məsələlərdə irəliləyiş əldə olduğunu da diqqətə çatıdırıb. “Bunlar atəşkəs, məhbusların mübadiləsi və önümüzdəki aylarda etimadın bərpa edilməsidir”.

Qeyd edək ki, Şərqi Ukrayna üzrə danışıqların “Normandiya formatı” 2014-cü ilin iyunundan mövcuddur. Sonuncu görüş 2016-cı ildə müttəfiq qoşunlarının Normandiyaya çıxmasının 70 illiyi münasibətilə keçirilən tədbir çərçivəsində baş tutub.


Müəllif: Teleqraf.com