12 Dekabr 2019 10:18
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinə Türkiyənin nüvə silahı əldə etməsini qadağan edən qanun layihəsi təqdim olunub.

Teleqraf.com xəbər verir ki, qanun layihəsinin müəllifi Demokratlar Partiyasından olan senator Eduard Markey və Nümayəndələr Palatasının üzvü Bred Şermandır.

Layihə müəllifləri açıqlamada Türkiyə hökumətinin “Nüvə Silahlarının Yayılmasının qarşısını alınması Müqaviləsi” (NPT) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə biləcəyini ehtimal edir.

Eduard Markey qanun layihəsi haqda bunları deyib:

“Prezident Ərdoğan Suriyanın şimalını işğal etməkdən tutmuş, insan haqlarını pozmaq və nüvə silahı əldə etmək arzusuna qədər beynəlxalq hüquq normalarını pozur. Buna görə də, Türkiyə ilə nüvə silahlarının qarşısını alınması məqsədi ilə imzalanmış saziş yenilənməlidir”.

Bred Şerman isə bildirib ki, ABŞ nüvə silahına sahib olmaq istədiyini dilə gətirən liderlərə nüvə texnologiyası satmamalıdır: “Bu liderlər istər İrandan, istər Səudiyyə Ərəbistanından, istərsə də Türkiyədən olsun, hamıya aiddir”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin iyul ayında nüvə silahları ilə bağlı səsləndirdiyi fikirlər ABŞ-da etirazlara səbəb olmuşdu.

Ərdoğan məlum çıxışında demişdi: “Bəzi ölkələrin nüvə başlıqlı raketləri var, amma Qərb bizim bu silahları əldə etmək istəyimizi təkidlə rədd edir. Bunu qəbul etmirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu