ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) ilə telefon nəhəngi “Əpl” şirkəti arasında şifrə qırmaq mövzusunda qalmaqal yaşanır.
Teleqraf.com-un məlumatına görə, FTB “Əpl” şirkətindən ötən ay Floridakı Pensakola donanma hava bazasında 3 nəfərin ölümünə səbəb olmuş silahlı hücumu həyata keçirən iki şəxsin Ayfon mobil telefonlarnının porolunu qırmasını istəyir.
FTB-nin texnologiya şirkətinə göndərdiyi rəsmi məktubda məlum hücumu həyata keçirən Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinin 21 yaşlı zabiti Məhəmməd Şamranın telefonlarına çıxışın təmin edilmədiyini bildirir.
“Əpl” isə məhkəmə qərar ilə telefon sistemindəki bütün bilgiləri təhlükəsizlik qurumu ilə paylaşa biləcəyini, amma istifadəçinin telefona yüklədiyi materiallarına “Əpl”in çıxışı olmadığını qeyd edib.
“Əpl” Ayfon telefonlarının öz yaddaşındakı informasiyalara çıxış üçün sistemdə “arxa qapı” yaratmağın lazm gəldiyinə işarə edərək bunun da istifadəçinin gizliliyi və kiber təhlükəsizlik üçün ciddi problem yaradacağını bəyan edir.
Xatırladaq ki, “Əpl”in 2014-cü ildə telefonlara şifrələnmə sistemi gətirməsi rəqəmsal məlumat əldə etmək istəyən FTB ilə qarşıdurmaya səbəb olub, FTB şirkəti “günahlarlara təhlükəsizlik dəhlizi açmaqda” tənqid edib.
Əlavə edək ki, 2015-ci ilin dekabrında Kaliforniyanın San Benardinoda 14 nəfərin ölümünə səbəb olmuş silahlı hücumdan sonra FTB öldürülən Seyid Ridvan Fərruxa aid Ayfon telefonuna “Əpl” üzərindən çıxış əldə etmək istəmişdi və bu ölkədə ciddi müzakirələr açmışdı.
FTB “Əpl”dən telefonun şifrəsini qırmaqla bağlı yardım tələb etmişdi. Şirkət isə bu halın dünya çapında Ayfon telefonları və istifadəçiləri üçün məxflik hüquqlarının pozulması anlamına gəldiyini əsas gətirərək FTB-nin istəyini rədd etmişdi.