29 Yanvar 2020 15:00
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Keçən il müxalifət qüvvələrinin fəaliyyəti olduqca nəzərə çarpırdı. Artıq müxalif qüvvələrin razılaşması üçün münbit şəraitin yaranmasından danışmaq olar”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryan deyib.

Köçəryan ölkə daxilində siyasi mənzərənin formalaşmasının 2020-ci ildə başa çatacağını bildirib:

“Cəmiyyətdəki eyforiya keçdi, amma bu eyforiyanın güclü təzyiqi altında yaranan güc qaldı. Parlament, gözlənildiyi kimi, öz funksiyalarını yerinə yetirə bilməyən hökumətin inkişaf etməmiş bir əlavəsidir”.

Onun fikrincə, Ermənistandakı əsl siyasi proseslər ölkənin siyasi gündəliyinin formalaşdığı parlamentdən kənarda baş verir: “2020-ci ildə parlamentin konfiqurasiyası nəhayət ictimai əhval-ruhiyyəni əks etdirəcək, bu da legitimliyin itirilməsi deməkdir. Bu hal erkən parlament seçkilərinin keçirilməsi üçün siyasi tələbin yaranmasına səbəb olacaq. Bütün bunlar ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi fonunda baş verəcək”.

O qeyd edib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi siyasi proseslərin intensivliyindən, vətəndaşların iştirak səviyyəsindən, iqtidar fraksiyasının sabitliyindən və hakimiyyətin səhvlərindən asılı olacaq: “Keçmiş prezidentin azad edilməsi uğrunda tərəfdarlarımın mübarizəsi siyasi bir hərəkata çevrilə bilər”.

Onun sözlərinə görə, mahiyyəti və hakimiyyətin hərəkətləri onu yenidən siyasətə qaytardı:

“Hakimiyyətin həbs qərarı məni müxalif siyasi qüvvələrin birləşməsi üçün bir simvola çevirdi. Bir vaxtlar taleyim mənə Qarabağın müstəqilliyi uğrunda mübarizəyə rəhbərlik etmək imkanı yaratdı. Qarabağ hərəkatı yeni başlayanda möcüzəvi şəkildə Azərbaycan həbsxanasından qaçmağı bacardım. Taleyin istehzası budur ki, məni azadlıqdan məhrum etməklə, hakimiyyətimiz azərbaycanlıların mənə etmədiyini etdi”.

Əlavə edək ki, həbsdə olan Robert Köçəryan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalına rəhbərlik edib. O, Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın müəlliflərindən biridir. “Qarabağ hərəkatı” deyəndə də, bunu nəzərdə tutur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər