Əri, qayınanası və anası tərəfindən zülm görən gənc qadın meyitinin ailəsinə verilməməsini və kimsəsizlər qəbiristanlığında dəfn olunmasını vəsiyyət edərək özünü öldürüb.
Teleqraf.com oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Bursa şəhərinin Yıldırım rayonunda baş verib.
Bildirilir ki, Çorum şəhərindən Bursaya gəlin gələn 42 yaşlı iki uşaq anası Gülər K. yataq otağında özünə qəsd edib. Onu əri tapıb və dərhal polisə xəbər verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb olunub.
Evdə təhqiqat aparan Yıldırım Rayon Polis İdarəsinin əməkdaşları qadının yazdığı məktubu tapıblar. Məktubda qadın əri, qayınanası və anasının zülmlərdən bezdiyi üçün həyatına son qoyduğunu yazıb.
"Əgər iflic olsam, ya ölsəm, dəfnimə ərim, qayınanam, anam – heç kim gəlməsin. Mənim heç kəsim yoxdur, kimsəsizlər məzarlığında basdırılmaq istəyirəm. Ərimə, qayınanama və anama haqqımı halal etmirəm. Sadəcə, uşaqlarım məzarımın yerini bilsinlər. Cənazəmi əsla ərimə və ailəmə verməyin”, - deyə gənc ana son məktubunda qeyd edib.
Qadının meyiti ekspertizaya yollanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə hadisə ilə bağlı istintaqa başlayıblar.