“Əlimizdə 1998-ci ildə imzalanmış Adana müqaviləsi var. Bu müqavilə Türkiyəyə ehtiyac olacağı halda Suriya ərazilərində hərbi əməliyyat keçirmək hüququ verir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərrdoğan çıxışında Bəşər Əsəd ordusunun Türkiyənin İdlib bölgəsindəki hərbi mövqelərinə qarşı son hücumlarına toxunub: “Bu hücum Suriyada yeni bir dönəmin başlanğıcıdır. Türk əsgərinin qanının axdığı yerdə hər şeyin eyni formada qalmasına icazə verməyəcəyik”.
Rusiyalı həmkarı Vladimir Putinlə İdlib məsələsini müzakirə etdiyini bildirən Türkiyə prezidenti vurğulayıb:
“Putinlə görüşdə rejimin Soçi müqaviləsində göstərilən bölgəyə çəkilməsini istədim. Rejim fevral ayı ərzində geri çəkilməsə, bunu Türkiyə edəcək. Əgər İdlibdəki hərbçilərimizin təhlükəsizliyi təmin edilmirsə, bunu bizim özümüzün təmin etməyimizə kimsə etiraz eləməz. Bunun üçün Türkiyə Silahlı Qüvvələrinin hava və quru bölmələri sərbəst hərəkət edəcək və lazım olacağı halda əməliyyatlara başlayacaqlar”.
Rəcəb Tayyib Ərdoğan Suriyada başlayacaq yeni əməliyyatlar üçün yol xəritəsinin hazır olduğunu açıqlayıb: “Sülh çeşməsi" hərəkatını istənilən istiqamətdə davam etdirəcəyik. Türkiyənin Suriyadakı təhlükəsizliyi təmin olunanadək əməliyyatlar davam edəcək. Nə vaxt bölgə terror təşkilatlarından azad olunacaq, o zaman işimiz bitəcək. Rusiyadan yeganə gözləntimiz Suriyadakı həssas vəziyyəti nəzərə almasıdır”.