“Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiya ilə yanacaq və enerji sektorundakı münasibətlərlə bağlı açıqlamaları seçki kampaniyasının bir hissəsidir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Kirill Koktış deyib.
Bundan əvvəl Lukaşenko bildirib ki, Rusiya SSRİ-nin varisi olaraq, Çernobıl partlayışından təsirlənən Belarusa nisbətən daha aşağı qiymətə qaz sata bilər. Bundan əlavə, o, Rusiya xam neftini baha qiymətə satmaqda davam edəcəyi təqdirdə Belarus neft alışını şaxələndirməyə davam edəcəyini bildirib.
Lukaşenko, həmçinin Belarus AES üçün ayrılan krediti verməkdən imtina edəcəyi halda, Moskvanı sanksiyalarla hədələyib.
Koktış isə hesab edir ki, Lukaşenkonun Rusiya əleyhinə fikirləri seçkilərdən əvvəl daxili auditoriyaya hesablanıb:
“Lakin mövcud münasibətlərin səviyyəsi kifayət qədər problemlə xarakterizə olunur. Düşünürəm ki, münasibətlər çox da ağırlaşmayacaq, amma gərginlik də aradan qaldırılmayacaq”.
Lukaşenko dəfələrlə rəsmi Moskvanı Rusiya-Belarus münasibətlərini çətinləşdirməkdə ittiham edib, xüsusən də Rusiyanın iqtisadi sahədə müqavilələri pozduğunu bildirib. Kreml bu ittihamları “yanlış” adlandıraraq, mübahisəli məsələlərin, o cümlədən ticari məsələlərin Moskva və Minsk arasında danışıqlar yolu ilə sakit həll edilməli olduğunu qeyd edib.