Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirus dünyanı cənginə alıb.
Teleqraf.com xəbər verir ki, bir gündə epidemiya səbəbilə 1367 insan həyatını itirib. Virusa yoluxanların sayı 275 min nəfərə çatıb.
Statistikaya görə son 24 saat ərzində İtaliyada 627 nəfər virusa yoluxaraq həyatını itirib. Beləliklə, ölkədə virus səbəbilə ölənlərin sayı 4322, virus daşıyıcılarının sayı isə 37860 nəfərə çatıb.
İranda da vəziyyət ürəkaçan deyil. Son gün ərzində 149 insan epidemiya səbəilə dünyasını dəyişib və ümumi say 1433-ə çatıb. İranın səhiyyə nazirinin müavini Əli Rza Rəisinin dövlət televiziyasında verdiyi açıqlamaya görə, ölkə daxilində virus daşıyıcısı 19 644 nəfərdir.
İspaniyada isə 19980 insan virusa yoluxub. Onların 1141 nəfəri reanimasiyadır.
Fransa da epidemiya ilə mübarizə aparan ölkələr sırasındadır. Bir gün ərzində 78 insan virus səbəbilə həyatını itirib. Ümumilikdə virusa yoluxaraq ölənlərin sayı 450 nəfərə çatıb. Ölkədə 12612 nəfər virus daşıyıcısıdır, 1567 nəfər isə sağalaraq evə buraxılıb.
ABŞ-da son 24 saat ərzində 56 nəfər koronavirusa yoluxaraq ölüb və həyatını itirənlərin sayı 210 nəfərə çatıb. Xəstəliyə yoluxanların sayı 14322 nəfərdir.
İsveçrə koronavirusdan əziyyət çəkən şirkətlərə və işçilərə dəstək olmaq üçün 32 milyard İsveçrə frankı məbləğində yeni yardım paketi hazırlayıb. Ölkədə virusa yoluxanların sayı 4840 nəfər, həyatını itirənlərin sayı isə 51 nəfərə yüksəlib.
Rusiyada isə 253 nəfər virus daşıyıcısıdır, bir nəfər həyatını itirib.
İsraildə ilk ölüm faktı qeydə alınıb. 88 yaşlı xəstə virus səbəbilə həyatını itirib. Virusa yoluxanların sayı 705 nəfərə çatıb, onlardan 14 nəfərin vəziyyəti ağırdır.
Səudiyyə Ərəbistanında 344 nəfər virus daşıyıcısıdır.