Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin bu gün hökumət üzvləri ilə keçirəcəyi görüşün distansion formatda olacağını bildirib.
Teleqraf.com xəbər verir ki, V.Putin Novo-Oqaryovadakı iqamətgahında olacaq və nazirlərlə video-konfrans vasitəsilə danışacaq. D.Peskov görüşün təhlükəsiz rabitə kanalları vasitəsilə təşkil ediləcəyini söyləyib:
“Şükür Allaha, bizim belə texniki imkanlarımız var”.
“Rossiya 24” telekanlı vasitəsilə birbaşa yayımlanacaq görüşdən sonra V.Putinin daha bir qapalı tədbiri olacaq. Bu tədbir də uzaq məsafədən keçiriləcək.
Qeyd edək ki, V.Putin, Moskva meri Sergey Sobyanin, baş nazirin müavini Tatyana Qolikova, “Rospotrebnadzor”un rəhbəri Anna Popova və digər məmurlarla ünsiyyətdə olmuş “Kommunarka” xəstəxanasının baş həkimi Denis Protsenkoda koronavirus aşkarlanıb. D.Peskov V.Putinin məsafədən görüşlər keçirməsinin bununla bağlı olub-olmadığını dəqiqləşdirməyib. Bununla yanaşı D.Peskov “prezidentlə Kommunarkda olan hər kəsin” hər gün koronavirus testindən keçirildiyini vurğulayıb.
“Biz ehtiyat tədbirləri görürük, maksimum hər şeyi uzaqdan etməyə çalışırıq”, – deyib və özünün də hər gün COVID-19 üçün testlər verdiyini vurğulayıb.
Jurnalistlərin indi dəqiq harada olduğunu soruşduqda, mətbuat katibi ofisdə işlədiyini etiraf edib.
Peskov bildirib ki, Kremldə Denis Protsenkonun tez bir zamanda sağalmasını arzulayırlar.