18 May 2020 15:52
1 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxtəlif dövrlərin yadigarlarını qoruyub saxlayan Güney Azərbaycanın ən qədəm şəhərlərindən olan Təbrizin tarixi strukturları İran hökumətinin laqeydliyi ucbatından məhv olmaq üzrədir.

Teleqraf.com xəbər verir ki, Şərqi Azərbaycan əyalətinin Mədəni Miras, Əl İşləri və Turizm İdarəsinin yaydığı məlumatda Təbrizin tarixi strukturundan yalnız onda bir hissəsinin qaldığı, qalanının isə tamamilə məhv edildiyi bildirilib.

İdarənin rəsmi nümayəndəsi Əlirza Quçi qanunsuz inşaat işlərinin dayandırılmasının zəruri olduğunu vurğulayıb.

O əlavə edib ki, tarixi strukturun yenidənqurması planının üç il əvvəl 10 ay müddətində tamamlanması nəzərdə tutulsa da, bu, gerçəkləşməyib.

Bərpa və təmir üçün nəzərdə tutulmuş layihələr sırasına “Rəbi-Rəşidi” şəhərciyinin yerləşdiyi ərazinin mülkiyyətinin alınması, Təbrizin tarixi məntəqələrində bələdiyyə ilə ortaq proyektlərin həyata keçirilməsi, Çarminarın bərpası, Həsən Paşa meydanı, 12 tarixi evin təmiri və sairə kimi planlar daxildir.

Qeyd edək ki, ötən günlərdə Təbrizdə iki tarixi abidə - Qacarlar dövrünə aid “Babaxan Evi” və “Ağa Nəqi” hamamı yararsız vəziyyətə salınıb.

Güneydən olan milli fəalların sözlərinə görə, Azərbaycanın tarixi məkanlarının tədricən məhv edilərək sıradan çıxarılması prosesi sistemli şəkildə müxtəlif şəhər və kəndlərdə həyata keçirilir. Halbuki İranın farslar yaşayan bölgələrində bunun əksi müşahidə olunur. Məsələn, İsfahanda “Nəqşi Cahan” meydanının təkcə binası deyil, havası da İran hökuməti tərəfindən xüsusi olaraq qorunur. Dövlət təyyarələrinin uçuşu nəticəsində yaranan titrəyişin tarixi binaya ziyan verməsindən ehtiyat edərək təyyarələrə meydanın üzərində aşağı hündürlükdə uçmağa icazə verilmir. Bu, Güney Azərbaycandakı tarixi məkanlara olan münasibətə heç bir şəkildə uyğun gəlmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər