"Amfan" qasırğası Hindistanda 5500 evin dağılmasına və 10 nəfərin ölümünə səbəb olub.
Teleqraf.com xəbər verir ki, son 20 ilin ən güclü qasırğalarından olan "Amfan" yerli vaxtla səhər saatlarında Benqal körfəzindən Hindistan və Banqladeşin sahillərinə çatıb.
Küləyinin sürəti saatda 100 kilometrə çatan qasırğa Hindistanın Odişa və Qərbi Benqal ştatlarında və Banqladeşdə güclü yağışlar törədib.
Təbii fəlakət səbəbindən Hindistanda 650 min, Banqladeşdə isə 2 milyon sakin təxliyə edilib. Güclü külək elektrik dirəklərini və ağacları aşırıb, binalara ciddi ziyan vurub.
Bildirilir ki, Hindistanda 10 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb. Banqladeşdə isə bir nəfər həlak olub. Yağışların törətdiyi daşqınlar Banqladeşin 15 kəndində 740 evə ziyan vurub.