31 May 2020 08:45
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 və 28 may tarixlərində, ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri, Konqresin nüfuzlu Təxsisatlar Komitəsinin və Helsinki Komissiyasının üzvü, Konqresmen Robert Aderholt və Konqresin Xarici İşlər Komitəsinin nüfuzlu üzvlərindən biri olan Stiv Şabot Konqresdə bəyanatlar verərək Azərbaycanın Respublika Günü münasibətilə təbrik ünvanlayıblar.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, Konqresmen Robert Aderholt (Respublikaçı – Alabama) bəyanatında bildirib ki, Azərbaycan müstəqilliyinin və demokratiyanın 102-ci ildönümünü qeyd edir. 28 may 1918-ci ildə Azərbaycan müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olub. Azərbaycanın 1920-ci ildə Sovet İttifaqına birləşdirilməsinə baxmayaraq, 70 il sonra 1991-ci ildə yenidən müstəqilliyini bərpa edib.

Bəyanatda Azərbaycanın İsrail ilə güclü əlaqələri, enerji təhlükəsizliyində və regional sabitlikdə əsas rolu xüsusilə vurğulanır. Müsəlman çoxluğa malik Azərbaycanın firavan və təhlükəsiz şəraitdə yaşayan yəhudi icmasına ev sahibliyi etdiyi və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin güclü olduğu bildirilir. Bundan əlavə, Azərbaycanın, xüsusilə Xəzər dənizi bölgəsində Rusiya neftindən asılılığı azaldacaq Cənub Qaz Dəhlizi vasitəsilə səylər qeyd edilməklə qlobal enerji təhlükəsizliyinin qorunmasına sadiq olduğu diqqətə çatdırılır.

ABŞ-ın əzmli müttəfiqi olan Azərbaycanın, ABŞ və NATO qüvvələri üçün əhəmiyyətli tranzit verməklə yanaşı, Əfqanıstanda Azərbaycan silahlı qüvvələrinin ABŞ qüvvələri ilə birgə vuruşduğu, Azərbaycanın Balkanların və İraqın təhlükəsizliyinə töhfə verdiyi, BMT və NATO sülhməramlı əməliyyatlarına dəstək verdiyi qeyd edilir. Azərbaycanın kütləvi qırğın silahlarının yayılmaması sahəsində qlobal səylərə sadiq olduğu və ATƏT üzvü olduğu barədə məlumat verilir.

Bəyanatın sonunda, Azərbaycanın dünyanın strateji əhəmiyyətli bölgəsində ABŞ-ın mühüm tərəfdaşı olduğu vurğulanır və digər Konqres üzvləri Respublika Günündə Azərbaycan xalqının təqdir olunmasına çağırılır.

Konqresmen Stiv Şabot (Respublikaçı – Ohayo) öz növbəsində Azərbaycanı bölgədə mühüm tərəfdaş adlandırır və ölkəmizin müstəqil dövlət kimi öz ənənəsini qoruduğunu diqqətə çatdırır. Azərbaycanın 1918-ci ildə müstəqilliyini elan edərkən müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğunu vurğulayır.

Azərbaycanın qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən olduğu, demokratik ənənələrin universal tətbiqinin mümkünlüyünü İslam dünyasında nümayiş etdirdiyini bildirilir. Azərbaycanın müstəqilliyinə totalitar SSRİ tərəfindən son qoyulduğuna təəssüf ifadə olunur və ölkəmizin müstəqilliyinin bərpa edilməsindən sonra ABŞ tərəfindən tanındığı qeyd edilir.

Bugün, Azərbaycanın ABŞ və onun müttəfiqləri üçün yaxın tərəfdaş olduğu, ABŞ-ın Əfqanıstanda səylərində və terrorçuluq ilə qlobal mübarizədə ölkəmizin yaxından iştirak etdiyi, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu barədə məlumat verilir. Azərbaycanın müsəlman ölkəsi kimi ABŞ-ın müttəfiqi olan İsrail ilə güclü dostluğa malik olduğu və yəhudi icması ilə qüvvətli əlaqələri diqqətə çatdırır.

Bəyanatın sonunda, Konqres üzvü Stiv Şabot Azərbaycanın ABŞ-la dostluq münasibətlərinə sadiqliyini vurğulayır və digər Konqres üzvlərini ölkəmizin Respublika Günü münasibətilə təbrik etməyə çağırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər