Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, xəstəxanalarda koronavirus infeksiyasına yoluxmuş xəstələr üçün boş yer olmadığı təqdirdə respublika rəhbərliyi ölkədə sərt məhdudiyyətlər tətbiq etməyə məcbur olacaq.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “Feysbuk” səhifəsində canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, hökumət total məhdudiyyətlərin tətbiq edilməsini hər gün nəzərdən keçirir.
“Sadəcə, hər yeri bağlayırıq və bu zaman yoluxma statistikası azalacaq. Hökumət ağır və ya kritik vəziyyətdə olan koronavirus infeksiyalı xəstələr üçün xəstəxanalarda yer qalmadığı təqdirdə sadəcə bunu etmək məcburiyyətində qalacaq”, – deyə o bildirib.
Bununla yanaşı, Paşinyan əlavə edib ki, bu qərar situasiyanı xilas etməyəcək, çünki ölkədə məhdudiyyətlər aradan qaldırıldıqdan sonra yenidən koronavirusa yoluxanların sayı artacaq.
Ermənistanın baş naziri qeyd edib ki, yeganə həll yolu “davranışı dəyişdirmək, epidemioloji təhlükəsizlik normalarına riayət etməkdir”.