Güney azərbaycanlı milli-mədəni fəal Rəsul İrəci İranın təhlükəsizlik xidməti tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, fəalın iyunun 29-da Xoy şəhərində saxlandığı bildirilib.
Onun harada tutulması və səbəbi barədə hələlik heç bir məlumat yoxdur.
Məlumata görə, təhlükəsizlik xidməti bundan əvvəl milli fəala “çağırış vərəqi” göndərərək, onun Polis İdarəsinə müraciət etməsini tələb eləsə də, İrəci bundan imtina edib.
Rəsul İrəci İranda Azərbaycan türklərinin milli-mədəni haqlarının tanınması və məktəblərdə türk dili və ədəbiyyatının tədris olunması uğrunda apardığı dinc fəaliyyətlərinə görə bundan əvvəl də bir neçə dəfə tutulub, müxtəlif təzyiqlərə məruz qalıb.
Milli fəal 2016-ci ilin noyabr ayında Rey şəhərində, Səttar Xanın vəfatının 102-ci ildönümü münasibətilə onun məzarı üstündə keçirilən mərasimdə saxlanılmışdı.
Son həftələrdə İranda güney azərbaycanlılara qarşı təhlükəsizlik qüvvələri və məhkəmə orqanları tərəfindən təzyiqlər artıb. Hazırda milli fəallar Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini, Cəfər İsmayılzadə və oğlu Milad İsmayılzadə, Yunis Qulizadə, Əmir Səttari, Cəfər Rüstəmirad, Kiyanuş Aslani, Yusif Kari və Ruzbeh Piri həbsdə saxlanılır.