2 İyul 2020 15:37
2 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nitsa prokuroru bu fransız şəhərinin meri Kristian Estrozidən onun çeçenlər haqda səsləndirdiyi ifadələrə görə aidiyyəti qurumlara şikayət göndərib.

Teleqraf.com xəbər verir ki, Estrozi bir neçə gün əvvəl Dijonda çeçenlər və tunislilər arasındakı toqquşmanın, Qafqaz mafiyasının Şimali Afrika üzərindən Fransaya uzanan narkotik qaçaqmalçılığını ələ keçirmək və Avropada narkotik ticarətini inhisarına almaq istəməsindən qaynaqlandığını iddia edib.

Fransadakı çeçen diasporunun qəzəblənmiş nümayəndələri Estrozidən üzr tələb etdilər. Estrozi üzr istəməkdən imtina edib, lakin peşman olduğunu bildirib. Nitsa, Dijon, Strasburq və digər şəhərlərin çeçen icmaları merin nifrətli mövqeyinə qarşı müraciət yayıb.

Müraciətdə bildirilib ki, Dijondakı çeçenlər narkotik satıcılarının silahlı dəstələrinə qarşı mübarizə aparmaq üçün bir araya gəlib: “Fransa artıq çeçen cəmiyyətini ləkələyir”.

Nitsa prokuroruna göndərdiyi məktubda çeçenlər Fransa hökumətinə şikayətlərini bildiriblər: “Fransa dövləti çeçenləri ölkələrində cinayət və zorakılığın böyüməsinə təkan verməkdə ittiham edir. Bildirmək istəyirik ki, Rusiyadakı müharibələr və siyasi təqiblər bizi bütün dünyaya səpələdi. Fransada işləyirik, oxuyuruq, vergi ödəyirik və Fransa cəmiyyətinə inteqrasiya üçün əlimizdən gələni edirik. Ancaq özümüzü müdafiə etmək lazım gələndə bunu edirik, bu, hər bir insan üçün təbiidir. Əsrlərdir çeçen xalqı alçaqlığa, haqsızlığa qarşı mübarizə aparır. Çeçenlər əzəmətli və döyüşkən bir xalqdır. Eyni zamanda, gündəlik həyatda qarşılıqlı hörmət, əxlaq və dəyərlərin qorunması prinsiplərinə əməl edən insanları səmimi qəbul edirik”.

Çeçenlər Fransada əsasən, keçmiş Afrika koloniyalarından olan müsəlman miqrantların məskunlaşdıqları Nitsada yaşayırlar. May ayının ortalarında Nitsada çeçenlər və şimali afrikalılar arasında qarşıdurma baş verib. Çeçenlər tunislilərin avtomobillərini “Molotov” kokteyli ilə atəşə tutublar. Çeçenlərin Fransadakı nümayəndəsi, “Qafqaz-Fransa” dərnəyinin prezidenti Nura Makayeva fransız mediasına, Nitsanı Afrikadan gələn narkotik tacirlərindən qoruduqlarını və şəhər polisinin etnik cinayətlər qarşısında aciz olduğunu söyləyib.

Fransa mediasına görə, Dijondakı qarşıdurma mühacir məhəlləsindəki bir çayxanada başlayıb. Kütləvi davada yaralanan bir çeçen sosial şəbəkələrdə baş verənləri yayımlayıb. Bundan sonra Avropanın müxtəlif yerlərindən 200-dən çox çeçen Dijona gəlib. Çeçenlər həmyerlilərin döyüldüyü çayxananı atəşə tutublar.

Bir neçə gün davam edən qarşıdurma iyunun 16-da Fransa xüsusi təyinatlılarının müdaxiləsindən sonra dayandırılıb, bir neçə etirazçı həbs olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər