İran Müdafiə Nazirliyinin təqaüddə olan yüksək rütbəli əməkdaşlarından biri ABŞ-a “casusluq” ittihamı ilə edam edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayıli açıqlama verib.
O bildirib ki, Rza Əsgəri adlı həmin şəxs İran Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələrinin əməkdaşı olub və 2016-cı ildə təqaüdə çıxıb.
Onun sözlərinə görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən məxfi əməkdaşlığa cəlb edilən Əsgəri İranın raket proqramı ilə bağlı bəzi məlumatları onlara ötürüb.
Qulamhüseyn İsmayıli Ədgərinin keçən həftə edam edildiyini deyib.
Xatırladaq ki, 2019-cu ilin iyul ayında da İran Məhkəmə Sistemi CIA-ya casusluqda ittiham edilən Müdafiə Nazirliyinin Aerokosmik Qüvvələrinin müqavilə əsasında çalışan əməkdaşı Cəlal Hacızəvarın edam edildiyini bəyan etmişdi. Onun həyat yoldaşı Leyla Tacik isə oxşar ittihamla 15 il həbsə məhkum olunub.