“Rusiya bazasının Ermənistandan çıxarılmasının tərəfdarları Türkiyə faktorunu nəzərə almalıdırlar”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.
“Rusiya bazasını geri çəkməyin lazım olduğunu bildirən, Rusiya səfirliyinin önündə aksiyalar keçirənlər Türkiyə amilini nəzərə almalıdır. Bu fakt – Türkiyənin bölgədə güclənən nüfuzu onlara ciddi təsir göstərməlidir. Rusiya bazasının Ermənistandan çıxarılmasının nəyə gətirib çıxara biləcəyini düşünmək lazımdır”, - keçmiş dövlət başçısı vurğulayıb.
Robert Köçəryan erməni ictimaiyyəti və ölkə rəhbərliyini NATO-nun ən güclü ordularından birinə sahib olan Türkiyənin Azərbaycanla birlikdə təlimlər keçirməsinə diqqət yetirməyə çağırıb.
O, bölgədə Rusiya ilə Türkiyə arasında ciddi rəqabətin başladığını bildirib: “Ermənistan hökumətinin dünyadakı qlobal prosesləri düzgün qiymətləndirdiyinə şübhə edirəm. Mövcud xarici siyasəti necə xarakterizə edəcəyimi bilmirəm. Spontandır”.
Köçəryan əmindir ki, mövcud hakimiyyət Ermənistan məhvə doğru aparan bir tendensiya yaradıb.
Nikol Paşinyan hökumətinin iqtisasdi siyasətini də pisləyən eks-prezident hesab edir ki, Ermənistandakı siyasi vəziyyət çox tez dəyişə bilər: “Çünki hökumət ölkə və xalq üçün heç nə etməyib. Söz verilmiş iqtisadi sıçrayış pandemiyadan xeyli əvvəl baş vermədi, elan edilmiş heç bir tapşırıq yerinə yetirilmədi. Pandemiya ilə mübarizə uğursuz oldu, ölkədə siyasi vəziyyət çox sürətlə dəyişə bilər”.