Koronavirus pandemiyasının yaratdığı böhran İtaliya iqtisadiyyatına ağır zərbə vurub və ölkəni ötən əsrə atıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” qəzeti yazır.
Qeyd olunur ki, vəziyyət son bir neçə onillikdə iqtisadi artımın demək olar tam olmaması nəticəsində ağırlaşıb. Nəticədə, İtaliyanın Ümumi Daxili Məhsulu 1998-ci ilin sonunda, avrozona yaranmazdan əvvəl olan səviyyədən daha aşağı səviyyədədir. Bu o deməkdir ki, ölkə vahid valyutadan (avro) faydalanmayıb, həm də sərvətinin bir hissəsini itirib.
Yazıda qeyd olunur ki, İtaliyada son onilliklər ərzində iqtisadi artım demək olar sıfır səviyyəsində olub. Pandemiyanın başlanğıcında ölkənin ÜDM-nin səviyyəsi 1998-ci ilin sonunda olan səviyyənin 109%-i həcmində olub. Koronavirus şəraitində iqtisadiyyatın dağılmasından sonra ölkənin ÜDM-i İtaliyanın avrozonaya qoşulduğu dövrün yalnız 91%-ni təşkil edib.
“Beləliklə, İtaliyanın hazırkı vəziyyəti 2010-cu ildə avro böhranı zamanı tarixi iqtisadi çöküş keçirən Yunanıstanın vəziyyətindən daha pisdir. Yunanıstan bu ilin ikinci rübü üçün məlumatları hələ yaymayıb, lakin mütəxəssislərin fikrincə, ölkənin ÜDM-i 1998-ci ilin sonunda qeydə alınan səviyyənin 92,2%-i həcmində olmalıdır”, - deyə yazıda bildirilir.