ABŞ Dövlət katibi Mayk Pompeo Belarus hökumətinə müraciət edərək, yerli katoliklərin başçısı, arxiyepiskop Tadeuş Kondruseviçin ölkəyə buraxılmasına çağırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Tvitter sosial şəbəkəsində yazıb.
“Belarus rəsmiləri baş yepiskop Kondruseviçin ölkəyə girişinə icazə verməlidir ki, davam edən etiraz aksiyaları zamanı insanlara dəstək ola bilsin. O və Belarus xalqı dini etiqad azadlığı da daxil olmaqla bütün azadlıqlarından istifadə etməyi bacarmalıdır”, - Pompeo deyib.
Bundan əvvəl, Belarus Prezidenti Aleksandr Lukaşenko vəziyyətin daim dəyişdiyi üçün Kondruseviç haqda məlumata sahib olmadığını, aidiyyəti qurumların ölkəyə giriş-çıxışa nəzarət etiyini söyləyib. Prezidentin sözlərinə görə, Kondruseviç gözlənilmədən Varşavaya gedib, orada müəyyən tapşırıqlar alıb, Rusiya və Belarusda qadağan olunan insanların ümumi siyahısına daxil edilib.
Hazırda arxiyepiskopun başqa bir ölkənin vətəndaşı olub-olmadığı barədə məlumatlar yoxlanılır.
Avqustun 31-də aidiyyəti qurumlar Belarus vətəndaşı Kondruseviçin ölkəyə buraxılmadığını açıqlayıblar. Dövlət Sərhəd Xidməti vəziyyətlə bağlı açıqlama verməkdən imtina edib.
Belarusda üç həftədir Prezident Aleksandr Lukaşenkonun istefası, yeni və ədalətli seçkilərin keçirilməsini tələbi ilə kütləvi etirazlar davam edir.