23 Sentyabr 2020 01:36
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövcud qlobal mexanizmlərin pandemiya ilə mübarizədə nə qədər təsirsiz qaldığını gördük. Belə ki, BMT-nin ən mühüm qanunverici orqanı olan Təhlükəsizlik Şurasının pandemiya ilə mübarizəni gündəliyə çıxarması üçün həftələr, aylar lazım oldu. Pandemiyanın əvvəllərində ölkələr köməksiz vəziyyətdə tərk edildilər. Beləliklə, illərlə bu tribunadan israrla bəyan etdiyim "dünya beşdən böyükdür" prinsipinin haqlılığını bir daha görmüş olduq. Bəşəriyyətin taleyi bir neçə ölkənin ümidinə qala bilməz.

Teleqraf.com xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də BMT Baş Məclisinin 75-ci illik sessiyasinda onlayn qaydada çıxış edərkən deyib.

Baş Məclisin sessiyasının “COVID-19 ilə mübarizə və çoxtərəflilik” mövzusuna həsr olunmasını təqdir edən Türkiyə Prezidenti ölkəsinin bu məsələdə bütün öhdəlikləri yerinə yetirdiyini və pandemiya ilə mübarizədə dəstəyi davam etdirəcəyini bildirib.

Pandemiyanın dünyanı ciddi sınaqlarla qarşı-qarşıya qaldığı bir dövrdə yaxaladığını ifadə edən qardaş ölkənin dövlət başçısı qloballaşma, beynəlxalq sistem və çoxtərəfliliyin COVID-19-un təsiri nəticəsində artıq ciddi müzakirə mövzusuna çevrildiyini bildirərək deyib: “Beynəlxalq təşkilatlara inamın azalmasının qarşısını almaq üçün ilk növbədə düşüncəmizi, qurumlarımızı və qaydalarımızı nəzərdən keçirməliyik. Güclü çoxtərəflilik üçün təsirli çoxtərəfli qurumlar olmalıdır. Təhlükəsizlik Şurasının yenidən formalaşdırılmasından başlayaraq, qısa müddətdə genişmiqyaslı islahatlar aparılmalıdır. Şuranı daha təsirli, demokratik, şəffaf, hesabatlı bir struktura və mexanizmə çevirməliyik”.

Bununla yanaşı, beynəlxalq ictimaiyyətin ortaq vicdanını əks etdirən Baş Assambleyanın da gücləndirilməsinin önəmini qeyd edən Prezident Ərdoğan BMT-nin bəşəriyyət üçün sülh, ədalət və rifah anlayışları baxımından mühüm struktura çevrilməsinin vacibliyini bildirib: “Pandemiyanın öhdəsindən hələ də gələ bilmədiyimizi nəzərə alaraq, çoxtərəfli əməkdaşlıq üçün bütün qurum və mexanizmlərdən mümkün qədər səmərəli istifadə etməliyik. Uzunmüddətli problemlərin həlli üçün beynəlxalq həmrəylik çox vacibdir”.

Prezident Rəcəb Tayyib Ərdoğan “Dost dar gündə tanınar” anlayışı ilə hərəkət edən Türkiyənin tibbi ləvazimata ehtiyac duyan 146 ölkəyə və 7 beynəlxalq təşkilata yardım etdiyini, 141 ölkədəki 100 mindən çox vətəndaşını Vətənə gətirdiyini və həmin səfərlərlə 67 ölkədən 5500-dən çox əcnəbini də öz ölkələrinə apardıqlarını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər