21 Oktyabr 2020 16:13
3 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dörd gün əvvəl “Röyter” agentliyi Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) tərəfindən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) adından casusluq edən bir agenti həbs etdiyi barədə xəbər yayımladı. Tutulan agent Əhməd əl-Astal adlı Fələstin əsilli İordaniya vətəndaşıdır. 2008-ci ildə BƏƏ kəşfiyyatına qəbul olunduğu, orada bir müddət yaşadıqdan sonra casusluq etmək üçün Türkiyəyə göndərildiyi bildirilib”.

Teleqraf.com xəbər verir ki, bu barədə türk siyasi ekspert Mehmet Acet məlumat verib.

Ekspert ərəb agentin Türkiyədə təxribatçı fəaliyyətlərinə diqqət çəkib:

“Astal Qara dənizin sahil şəhərlərindən birində yaşayıb. Həm jurnalist idi, həm də BƏƏ kəşfiyyatı üçün çalışıb. Kompüterində BƏƏ rəhbərləri ilə əlaqə qurmağı təmin edən ünsiyyət proqramları tapılıb. Bəs ona hansı tapşırıq verilmişdi, BƏƏ-yə hansı hesabatları yollayıb?

Mehmet Acet qeyd edib ki, Astala Türkiyəyə köçdükdən sonra Ankaranın müsəlman ölkələri ilə əlaqələri, daxili və xarici siyasətini izlənilməsi tapşırılıb: “Ayrıca 2016-cı il iyul ayında Rəcəb Tayyib Ərdoğana qarşı cəhd edilmiş qiyamın yenidən mümkün olub-olmadığını araşdırmaq da həvalə olunub”.

Ekspert xatırladıb ki, əvvəllər BƏƏ adından casusluq etmiş iki nəfər Türkiyə kəşfiyyatı tərəfindən tutulub, biri daha sonra həbsxanada intihar edib:

“Bununla bağlı BƏƏ rəhbərliyindən hələ heç bir açıqlama verilməyib. Bunu etsələr, yəqin ki, xəbəri inkar edəcəklər. Digər tərəfdən “Vaşinqton Post”un məsələ ilə əlaqədar əldə etdiyi məlumatda Əhməd əl-Astalın BƏƏ adına casusluq etdiyini etiraf etdiyi məlumatlar yer alıb, ancaq hesabatda başqa nələri etiraf etdiyi barədə məlumat yoxdur. Bununla birlikdə, Astalın BƏƏ Kəşfiyyatı ilə əlaqəsi barədə “hər şeyi” söylədiyi və vacib məlumatlar verdiyi deyilir. Ancaq bu məlumatların əksəriyyəti hələ də gizli saxlanılır”.

Mehmet Acet hesab edir ki, bu, BƏƏ-nin Türkiyəyə qarşı təxribatçı fəaliyyətlərinin çox kiçik hissəsidir:

“Əbu-Dabi 10 ildən çoxdur casus kimi istifadə edilən bu adama cəmi 400 min dollar ödəyib. Əlbəttə BƏƏ Türkiyəyə qarşı fəaliyyətləri üçün milyardlarla dollar həcmində maddi vəsait xərcləyir. 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə BƏƏ-nin 3 milyard dollar xərclədiyi məlumdur, bunu unutmamaq lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu