4 Noyabr 2020 16:39
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Co Bayden seçkilərdə hazırda üstün tərəfdi və ehtimal olunur ki, bu üstünlüyünü sona qədər qoruyub saxlayacaq. Düzdür, ötən gün axşam Bayden daha çox irəlidə idi. Bugünkü hesablamalardan sonra Donald Tramp fərqi azalda bilib. Tramp hesab edir ki, seçkiləri uda bilər. Hətta seçkilərin saxtalaşdırıldığına dair iddialar da irəli sürüb. Ali Məhkəməyə müraciət edəcəyini də açıqlayıb. Amma məncə, bunları həyata keçirmək mümkün olmayacaq. Konqresin Nümayəndələr Palatası bütövlükdə Demokratlar Partiyasının nəzarəti altındadır. Ola bilsin, Demokratlar Partiyası Senata da nəzarəti ələ alsın. Hər şey mümkündür.

Bu fikirləri Teleqraf.com-a professor Qabil Hüseynli ABŞ-da keçirilən prezident seçkiləri haqqında danışarkən deyib.

Onun fikrincə, əslində Donald Tramp Azərbaycan daxil olmaqla, əksər ölkələr üçün arzu edilən prezident olub:

“Hər halda bu seçkilər mübahisə yaradacaq, ziddiyyətli və uzun müddət müzakirəyə səbəb olacaq. Cənab Tramp həm öz ölkəsi, həm də dünyada hamı üçün sərfəli siyasi fiqur idi”.

Qabil Hüseynli qeyd edir ki, əgər Azərbaycan Qərbin enerji təhlükəsizliyi üçün lazımlı dövlətdirsə, Avropanın böyük hissəsini neft və qazla təmin edirsə, habelə Qərbin bir sıra proqramlarında, məsələn, Əfqanıstan məsələsində ABŞ-a lojistik dəstək verirsə həmin ölkədə prezidentin kim olmasının bizim üçün o qədər də əhəmiyyəti yoxdur:

"Əlbəttə, Donald Tramp daxili problemlərə daha çox yönəlirdi, xariclə o qədər işi olmurdu. Bayden isə daha yaşlıdır. Trampla debatda üç dəfə Donald Trampa Corc Buş dedi. Dünyanın əsas dövlətinə belə şəxs rəhbərlik etsə, bilmirəm nələr ola bilər. Lakin ABŞ elə dövlətdir ki, orada bir şəxsin siyasi iradəsi keçərli deyil. Onu tormuzlayan, müəyyən çərçivəyə salan dərin dövlət adlandırılan xüsusi siyasi elita var. Bu elita qüsurlu və ABŞ maraqları üçün səhv qərarları dayandıra bilir. Bu mənada ABŞ prezidentləri hər şeyə qadir deyillər".


Müəllif: Cavad

Oxşar xəbərlər