Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Fransa polisinin uşaqları həbs etməsi ilə əlaqədar açıqlama verib.
Teleqraf.com xəbər verir ki, parlament rəhbəri Fransa rəhbərliyinin öz həddini aşdığını bildirib.
Onun sözlərinə görə, Fransada uzun müddətdir bütün müsəlmanları narahat edən hadisələr baş verir: “Başda Prezident Makron olmaqla, bir çox fransız siyasətçi Məhəmməd peyğəmbərin təhqir olunduğu karikaturların yayımlanmasını dəstəklədi. Məsələ artıq öz çərçivəsini aşır. Üstəgəl, “söz azadlığı” adı altında İslam dininin və onun peyğəmbərinin təhqir edilməsi kampaniyasını zorla insanların beyinlərinə yeritmək kimi cəhdlərin olduğunu da görürük.
Hesab edirik ki, türk ailənin Fransada saxlanılması dövlətin əli ilə edilən quldurluqdur. Bu məsələ nəzarətdən çıxmış kimi görünür. Səfirimizlə danışdım. Ailələrimizdə hüquqlarını qorumaq üçün addımlar atacaqlar”.