Avropa İttifaqının (Aİ) Brexit üzrə baş məsləhətçisi Mişel Barnyer Aİ və İngiltərə arasında davam edən danışıqlar barədə açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, tərəflər arasında balıq ovu, dövlət subsidiyaları və gələcək mübahisələrin həlli ilə bağlı hələ də razılığın əldə olunmadığına diqqət çəkib.
“Mühüm fikir ayrılıqları davam edir. Aİ və İngiltərə arasında danışıqları davam etdirmək üçün bu axşam komandamla birlikdə Londona gedəcəyik”, - Barnyer bildirib.
O, bu gün Aİ ölkələri və Avropa Parlamenti (AP) nümayəndələrini danışıqlarda son vəziyyət barədə məlumatlandıracağını bildirdi.
Keçən həftə Brexit danışıqları müzakirə platforması üzvlərində koronavirus infeksiyasının aşkarlanması səbəbiylə dayandırılıb, bundan sonra danışıqlar videokonfransla davam etdirilir.
2016-cı ildə İngiltərə, Uels, Şimali İrlandiya və Şotlandiyada (Böyük Britaniya) keçirilən referendumla Aİ-dən çıxmaq qərarı (Brexit) verilib. Yanvarın 31-də rəsmi olaraq Aİ-dən çıxan İngiltərə birliklə ikitərəfli münasibətlər, xüsusən ticarət mövzusunda geniş danışıqlar aparır.
Aİ və İngiltərə arasındakı danışıqlarda ədalətli rəqabətin təmin edilməsi, ticarət mübahisələrinin necə həll ediləcəyi və balıq ovu problemli mövzulardır. Razılığa gəlinməzsə, iki tərəf arasında ticari əlaqələri dekabrın 31-dən sonra Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına uyğun olaraq həyata keçiriləcək.