İsrailin Baş naziri Binyamin Netanyahu rəsmi Rabatın Təl-Əvivlə əlaqələrin ən qısa zamanda qurulacağını elan etməsindən məmnun olduğunu bildirib və buna görə Mərakeş Kralı VI Məhəmmədə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, baş nazir İsraik və Mərakeş arasında isti münasibətlərin qurulacağını açıqlayıb.
“Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə İsraillə barışmaq istəyi üçün təşəkkür edirəm. Mərakeşlə sülh içində olacağıq. Hər zaman sülhə inandım. ABŞ Prezidenti Donald Trampa İsrail üçün etdiklərinə görə təşəkkür edirəm və bunu unutmayacağıq”, - Netanyahu qeyd edib.
İsrail Xarici İşlər Nazirliyi də ikitərəfli münasibətlərdə yaşanan son gəlişmələr haqda açıqlama verib:
“Bu, tarixi andır. İsrail və Mərakeş münasibətləri normallaşdırmağa razı oldular”.
Açıqlamada Mərakeşin Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Sudandan sonra İsraillə münasibətləri normallaşdıran 6-cı ölkə olduğu da vurğulanıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Mərakeş və İsrailin tam diplomatik münasibətlər üçün razılığa gəldiklərini açıqlamışdı. Kral VI Məhəmməd də İsraillə əlaqələrin ən qısa zamanda qurulacağını bildirmişdi.