“Prezidentimizə və ölkəmizə qarşı qəsdlə konteksdən çıxarılan bir şeiri bəhanəsi ilə edilən hücumları qınayırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bəzi iranlı siyasətçilərin Prezident Rəcəb Təyyib Ərdoğanla bağlı tənqidi fikirlərini şərh edərkən deyib.
Prezident Ərdoğanın Ermənistan işğalındakı Azərbaycan torpaqlarının azad edilməsi münasibətilə Bakıda keçirilən Zəfər paradında Bəxtiyar Vahabzadənin “Torpaqdan pay olmaz” şeirini oxuduğunu xatırladan Altun qeyd edib ki, bir şeir üzərindən süni gərginlik yaratmağa cəhd edirlər:
“Bu şeirdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin xalqda yaratdığı hiss emosional şəkildə ifadə edilir. Heç bir şəkildə İranın adı çəkilmir və ya nəzərdə tutulmur. Prezident Ərdoğan şanlı mübarizə ilə Qarabağdakı işğala son verən Azərbaycanın qazandığı tarixi qələbəyə həmrəy olmaq məqsədilə bu şeirə çıxışında yer verib. Qonşu ölkənin bölgəyə sülh və sabitlik adına yeni bir səhifə açmasına səbəb olan haqlı qələbəsini paylaşmaq əvəzinə, bir şeirin işarə verdiyi mənanı konteksdən çıxararaq əsassız qarşıdurma yaratmağa çalışmalarını və bu günə qədər işğalçı rolda olan Ermənistanı sevindirəcək mövqe sərgiləmələrini anlamaqda çətinlik çəkirik”.
Fəxrəddin Altun əlavə edib ki, İran səlahiyyətliləri tərəfindən Türkiyəyə qarşı irəli sürülən yalan ittihamlara sərt cavabla birlikdə, bundan sonra ölkəmizə qarşı olan yanaşmada rəhbərlikdən diqqət və həssaslıq gözlədiklərini Xarici İşlər Nazirliyinə dəvət edilən İranın Ankaradakı səfirinə çatdırılıb.
İranın ağır vaxtlarında Türkiyənin beynəlxalq təzyiqləri qarşısına alaraq İran dövləti və xalqının yanında duraraq ona göstərdiyi dəstəyi unutmamlı olduğuna işarə edən Altun qeyd edib ki, bölgənin sülh, sabitlik və təhlükəsizliyinin ölkələr üzərinə məsuliyyət qoyduğu bir vaxtda ikitərəfli münasibətlərə kölgə sala biləcək belə münasibət və danışıqlardan çəkinmək vacibdir:
“İran rəsmilərinə bu xəyali əhval-ruhiyyədən ən qısa müddətə qurtulmağı, ortaq tarixi keçmişimizdən və xalqlarımız arasındakı möhkəm əlaqələrimizdən istifadə edərək düşmənçilik deyil, müsbət gündəm yaratmağı məsləhət görürük”.
Xatırladaq ki, Ərdoğanın Bakıda hərbi paradda səsləndirdiyi şeir İran xarici işlər Cavad Zərif, rabitə və texnologiyalar naziri tərəfindən etirazla qarşılanıb.