8 Yanvar 2021 23:28
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın qərbində yerləşən Kioto, Osaka və Hyoqo prefekturaları onların ərazilərində koronavirusun yayılmasının qarşısını almaq üçün mərkəzi hökumətdən fövqəladə vəziyyət elan olunması ilə bağlı xahiş etmək barədə qərar qəbul ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə cümə günü Kyodo agentliyi məlumat yayıb.
Bildirilir ki, həmin prefekturaların qubernatorları yanvarın 9-da bu barədə müraciəti Nazirlər Kabinetinə göndərməyi planlaşdırırlar.

Xatırladaq ki, yanvarın 7-də Yaponiyanın Baş naziri Yoşihide Suqa 37 milyon əhalinin yaşadığı və paytaxtla yanaşı, Kanaqava, Saytama və Çiba prefekturalarının daxil olduğu Böyük Tokioda koronavirus pandemiyasının qarşısını almaq üçün fövqəladə vəziyyət rejimi elan edib. Bununla yanaşı, ölkənin cənub-qərbində yerləşən Miyazaki prefekturasının rəhbərliyi də müstəqil olaraq yanvarın 9-dan 22-dək fövqəladə vəziyyət rejimi tətbiq edib.

Qeyd edək ki, Yaponiyada fövqəladə vəziyyət rejimi zamanı hakimiyyət orqanları yerli sakinlərdən ehtiyac yaranmadığı təqdirdə evdən çıxmamağı, ictimai iaşə obyektlərindən isə iş saatlarını qısaltmağı xahiş edirlər.

Əlavə olaraq bildirək ki, Yaponiyada koronavirusla bağlı vəziyyət noyabrdan başlayaraq yenidən gərginləşib. Dekabrda yoluxanların və həyatını itirənlərin sayında kəskin artım qeydə alınıb. Yanvarın 5-də Yaponiyada virusa yoluxanların sayı 4912 nəfər, yanvarın 6-da 6001 nəfər, yanvarın 7-də isə 7570 nəfər artıb. Bu günədək Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 267 min nəfəri ötüb, 3900 nəfər isə həyatını itirib.


Müəllif: Teleqraf.com