ABŞ liderliyindəki beynəlxalq koalisiya qüvvələrinin texnikasını daşıyan yük maşını karvanına İraqın paytaxtı Bağdad yaxınlığında hücum edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Hadisə Bağdadın cənub-qərbindəki Yusifiyyə bölgəsində baş verib.
Hadisənin magistral yolun kənarına basdırılmış partlayıcı maddənin partlaması nəticəsində baş verdiyi, olayda tələfatın olmadığı bildirilib.
Məsələ ilə əlaqədar koalisiya qüvvələrindən hələ bir açıqlama verilməyib.
Son üç həftə ərzində İraqda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrini hədəfə alan on hücum həyata keçirilib. ABŞ İraqdakı hücumlarda İranla əlaqəli qrupları ittiham edir.
İraq Hizbullah Briqadaları da daxil olmaqla silahlı şiə qrupları parlamentin qərarına uyğun olaraq İraqdakı xarici qüvvələr geri çəkilməyəcəkləri təqdirdə onları hədəfə alacaqları ilə təhdid edirlər.
İraq parlamenti yanvarın 5-də səs çoxluğu ilə ölkədəki xarici hərbi qüvvələrin çıxarılmasına qərar verib.