İsrail hökuməti Suriyaya humanitar yardımla bağlı Rusiyadan dəstək olmasını istəyib.
Teleqraf.com İsrail mediasına istinadən bildirir ki, söhbətin hansı yardımdan getdiyinin detalları məxfi saxlanılır.
İsrail hökumət kabinetinin üzvləri məsələ ilə bağlı ötən gün axşam təcili toplantı keçirib.
İnformasiyanın mediaya sızdırılmasının qarşısını almaq üçün toplantıdan əvvəl hökumət üzvlərinə məxfilik qeydləri imzalatdırılıb.
Təl-Əvivdə keçirilən toplantı bir saat çəkib və mediaya hər hansı bir açıqlama verilməyib.
Məlumat üçün bildirək ki, toplantıdan bir həftə əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə telefonda danışıb. Bundan başqa, İsrailin Müdafiə naziri Benny Qantz və Xarici işlər naziri Qabi Aşkenazi də rusiyalı həmkarları ilə təmas qurub.
İsrailin Suriya ilə bağlı Moskvadan humanitar yardımla bağlı hansı məsələni xahiş etməsini müzakirə edən media tarixə nəzər salaraq bəzi faktları diqqətə çatdırıb.
Birinci Livan müharibəsi zamanı-11 fevral 1982-ci ildə Livanın cənubunda Yaqub Sultan kəndində baş verən atışmada 5 İsrail əsgəri itkin düşüb. Sonradan bu əsgərlərdən birinin-Zakary Baumelinin cəsədinin qalıqlarını ruslar 2019-cu ildə Suriyada tapıb. Baumelinin cəsədinin qalıqlarını ruslar 2019-cu ilin aprelində Rusiya üzərindən İsrailə göndəriblər. Həmin müharibədə itkin düşən 5 əsgərdən ikisinin cəsədi isə müharibədən bir neçə il sonra İsrailə göndərilmişdi.
Media ehtimal edir ki, Netanyahu hökuməti Rusiyadan Suriya ilə bağlı bu tipli mövzularda yardım istəyə bilər.
Xatırladırıq ki, hazırda Suriya ərazisində olan İsrailin ən çox axtardığı şəxs Mossadın agenti Əli Kohendir. Kohen Suriya xüsusi xidməti tərəfindən illər öncə həbs edilib, daha sonra edam olunub. Və onun cəsədinin İsrailə qaytarılmasına dair Təl-Əviv hökumətinin tələbləri Dəməşq tərəfindən rədd olunub. Mümkündür ki, Kohenin cəsədinin qalıqları ilə əlaqəli Təl-Əviv Moskvadan yardım istəsin.