Fransa Daxili işlər naziri Cerald Darmanin separatçı fəaliyyətlərlə əlaqəli olduğundan şübhələnilən müsəlmanlara məxsus 89 ibadətgahdan yalnız 17-ni qanuni əsaslarla bağlaya bildiklərini söyləyib.
Teleqraf.com xəbər verir ki, Fransadakı 2500 müsəlman ibadətgahından 89-nun separatizmlə əlaqəli olduğundan şübhələnildiyini bildirən Darmanin bunun mövcud saydan daha az olduğunu deyib.
Darmanin 17 məscidi bağlamaq üçün təhlükəsizlik qaydalarını pozmaq da daxil olmaqla bir çox əsas tapdıqlarını iddia edib.
“Siz məndən nə etdiyimi soruşursunuz. Respublika qanunları bu ibadət yerlərini bağlamağıma icazə vermir. Amma sizə təqdim etdiyimiz qaydalar Daxili İşlər Nazirliyinin sabah onları bağlamağına imkan verir”, - nazir bildirib.
Darmanin Fransadakı mövcud qanunların Daxili İşlər Nazirliyinin ibadət yerlərini yalnız 2 səbəbə görə bağlamasına icazə verdiyinə diqqət çəkib: “Bunlardan birincisi yalnız terror hücumu ilə birbaşa əlaqə aşkar olunduqda, ikincisi, dövlət qurumlarının tələb etdiyi şərtləri yerinə yetirmədikləri təqdirdə tətbiq edilə bilər”.
O, 17 məscidin bu səbəblərdən bağlandığını deyib.
Ötən il oktyabrın 2-də Fransa Prezidenti Emmanuel Makron tərəfindən “İslam separatizmi ilə mübarizə” adıyla elan edilən qanun layihəsi fevralın 16-da parlamentin alt palatasında qəbul edilib.
Qanun layihəsi beynəlxalq ictimaiyyət və qeyri-hökumət təşkilatları, xüsusən Birləşmiş Millətlər Təşkilatı tərəfindən müsəlmanları hədəf aldığı səbəbiylə tənqid olunub.
Mart ayının sonunda Senatda müzakirə ediləcək qanun layihəsinə qarşı Fransada bir çox nümayiş keçirilib.