9 Aprel 2021 09:32
1 869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Rusiya futbolunun tanınmış simalarından biridir.

Nəsibə Həsənova – Azərbaycan əsilli rusiyalı futbolçu, Rusiya millisinin oyunçusu.

Nəsibə Həsənova 1994-cü il dekabrın 15-də Rusiyanın Tümen şəhərində azərbaycanlı ailəsində anadan olub. Nəsibə 13 yaşından futbola maraq göstərib, ilk komandası Tümenin “Zapsibkollec” klubu, ilk məşqçi Andrey Loktev olub. 2012-2015-ci illərdə Rusiya çempionatında Tümenin mini futbol üzrə klubunda çıxış edib.

“Zapsibkollec”in heyətində çıxdığı 60 oyunda rəqib qapısına 10 qol vurub.

Böyük meydanda

Nəsibə karyerasının başlanğıcında mini futbol oynasa da, sonradan seçimini böyük futboldan yana edib. Müsahibələrindən birində bunun səbəbini belə izah edib:

“Tümendə mini futbol daha inkişaf etmişdi. Amma bir anda komandamız dağıldı və bundan sonra nə edəcəyimi düşünməli oldum. Bunun üçün doğma şəhərimi tərk etmək qərarı verdim. Bu, həyatımın və karyeramın vacib qərarı idi. Krasnodar “Kubanoçka”sındakı yerimi gücləndirmək üçün çalışmağa başladım. İndi də bəzən vaxtilə necə bu qədər macəraçı olduğumu düşünürəm. Hər şeyi tərk edərək başqa bir şəhərə getmək... – bu, indi mənə qəribə görünür. O zaman qorxu yox idi, yalnız oynamaq arzusu və özünəinam vardı”.

Nəsibə 2016-cı ildə “Kubanoçka”ya transfer edilib və Rusiya çempionatının ən yüksək divizionunda böyük futbolda debüt edib. Həmin il Rusiya kubokunun finalçısı olub. 2019-cu ildə mövsümündə bu klubun 20 matçından 18-də yaşıl meydana çıxaraq bürünc medal qazanıb.

2018-ci il mövsümündə Rusiya çempionatının ən baxımlı qolunun müəllifi də Nəsibə Həsənova olub.

2020-ci ilin fevral ayında “Krasnodar”la uzunmüddətli müqavilə imzalayıb.

Milli komanda karyerası

2012-ci ildə Rusiya U-19 milli futbol komandasına çağrılıb, bu komandanın formasında 14 oyunda yaşıl meydana çıxıb. 2012-ci ildə Finlandiya yığmasına qarşı matçda debüt edib.

Nəsibə Həsənova 2017-ci ildən bəri Rusiyanın futbol üzrə əsas milli komandasının oyunçusudur.

Böyük futbolda Rusiyanın tələbə komandasının heyətində 5 oyun keçirərək 2019-cu il universiadasının (Çin) bürünc mükafatçısı olub. Eyni komandanın heyətində 2019-cu ildə Napolidə (İtaliya) təşkil olunan universiadada iştirak edib və burada da bürünc medal qazanıb.

2017-ci il iyunun 8-də Serbiya ilə oyunda (5: 2) milli komandanın heyətində ilk matçında 88-ci dəqiqədə Yelena Danilovanı əvəz edib. İkinci matçını həmin il iyulun 7-də Xorvatiyaya qarşı keçirib (0: 0) və start heyətdə yer alıb, fasilədə onu Anastasiya Pozdeyeva əvəzləyib.

2017-ci ildə keçirilən Avropa çempionatının final turnirində iştirak edib.

Kumiri olan futbolçu

Nəsibə Həsənova Kuban Dövlət Bədən Tərbiyəsi İdman və Turizm Universitetinin məzunudur. Boş vaxtlarını idman salonunda keçirməyi və ya məşq etməyi sevir. İspaniyanın “Barselona” klubunun pərəstişkarıdır, fransalı keçmiş futbolçu Tyerri Anrini öz kumiri hesab edir.

27 yaşlı Nəsibə Həsənova idman ustalığına namizəddir.


Müəllif: Mənsur Rəğbətoğlu