Səkkizinci dəfə kosmosa peyk göndərməyə hazırlaşan Türkiyə ermənilər və yunanları narahat edib.
Teleqraf.com xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən yunan və erməni lobbiləri Türkiyə peykini kosmosa çıxaracaq İlon Maskın “SpaceX” şirkətini dayandırmaq üçün hərəkətə keçib.
ABŞ-dakı Yunan-Amerika Şurası və Amerika Erməni Milli Komitəsi “5B” rabitə peykinin “təhlükəli hərbi addımlar”a yol açdığını iddia edərək ABŞ Federal Aviasiya İdarəsinə məktub yazıb.
“ABŞ yaxın müttəfiqləri - Ermənistan və Yunanıstanın maraqlarını nəzərə almalıdır. Amerika Aviasiya İdarəsi vaxtında bunun qarşısını almalıdır. Türkiyə kosmosdakı peyk və yerdəki hərbi qüvvələrini peşəkar şəkildə istifadə etməyə başlayıb”, - məktubda qeyd olunub.
Türkiyənin kosmosdakı yeddinci peyki “5A “ bu il yanvarən 8-də ABŞ-ın Florida ştatından kosmosa göndərilib. “Türksat 5A” peyki 35 dəqiqədən sonra siqnal verməyə başlayıb.
Erməni və yunan lobbiləri o vaxt ABŞ-a təzyiq göstərsələr də, lakin heç bir nəticə əldə edə bilməmişdilər.